Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول; 1334–1385) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır.
Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir.
Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.
Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.